HaftanınÇok Okunanları
KAYNAR OLJAY 1
SALIM ÇONOĞLU 2
Kader Pekdemir 3
İ. M. Galimcanova 4
Kardeş Kalemler 5
Osman Çeviksoy 6
Gülzura Cumakunova 7
... Gecə atası evə gələndə daha həmin ata deyildi! Gündə gördüyü, daha doğrusu axşamdan öncə gördüyü ata deyildi!... Kitablarını qarşına töküb məşqlərini yazırdı. Məşq yazmırdı. Məşq yazmanı yamsılayırdı... Göz altı atasını sezirdi. Atası əl-üzünü yumuş, qurulayırdı. Arxası oğluna doğru idi. Oğlan başını dəftərindən qaldırıb hövülcək atasına baxdı. Atası dönəndə tez dəftərinə baxdı. Əlləri işə düşüb nəsə dəftərində yazırdı. Atası otağa keçəndə ayağına qalxıb, “salam” - demişdi. Gündəki kimi, “yorulmayasan” - deməmişdi!... Yorulmayasanı ağzında kəsmişdi... İstəmişdi desin dili ağzında tutulmuşdu! Atası baxanda gözlərini gözlərindən qaçırmışdı. Atası bilmişdi mi?... “Niyə belə baxdı?” Beyni qarma-qarışıq idi. Boğazına bir qəhər dolmuşdu. Boğazı az qala partlasın deyə, gözləri də dolmuşdu... “Niyə çırpmadım? Niyə çırpmadım təpəsinə?!”...
“...Hüsnü! Gəl süfrə başına... Görmürsən şam yeyirik!... Gərək neçə dəfə bu vurğun vurmuşları səsləyəsən!...” Anası dillənmişdi. “... Mən yemirəm!..” Başını göyə qaldırmadan dedi... “Gecə yarısı durub süfrə açsan, özün bilirsən daaa!..” ...Oğlan susdu. Dinib danışmadan əlləri dəftərdə yazırdı. Göz altı atasını sezdi. Yemək yeməkdəydi... “Niyə çırpmadım!.. Niyə çırpmadım təpəsinə?..” Özü ilə yanaşanmırdı. Barışanmırdı. İncə beynində oxuduğu kəlmələri axtarırdı. Canını özünə bürüyən qaranlıq duyğuya, bir sözcük tapanmırdı. Dartınırdı. İstədiyini dilinə gətirə bilmədən, alını tərə basılmış, qızdırma canına dürtülmüşdü. Dişləri sıxılıb qıfıllanırdı. Əlləri titrəmədə, qələm əlində oynayırdı!.. “Niyə çırpmadım?... Niyə?... Niyə yumurtaları təpəsinə çırpmadım!?”...
... Süfrəni yığışdırıb, çay içirdilər. Anası çaya səsləmişdi... Eşitməmişdi... Çayı gətirib qabağına qoymuşdu. “Bəsdi daaa!.. Nə qədər yazıb pozacaqsan!... Götür çayını iç!...” Qələm-dəftəri əlindən alıb büküb qatladı. Dayanmadan sözünün ardını tutub: “...Axşamdan gözün zilləyib o kar-kağıza... Diyən də yoxdur kor olarsan bala bəsdir!..” - Üzünü tutub ərinə doğru demişdi. “Nə işin var, qoy yazsın daaa!..” - atası dedi.
Ürəklənib atasına baxdı. Nəsə istədi desin. Soruşsun. Nə təhər desin! Nə desin?... Söz boğazında qaldı. Başını aşağı saldı. Sifəti qızarıb qaraldı. “Niyə?...” Dəftərin yenə açdı. Taq. Qələmin ucu, əlinin sıxısı altında sındı…
***
“Get tükana, atandan iki dənə yumurta al gətir...” - anası dedi. “Küftə salıram, tez gəl!” Axşam çağı idi. Tükana getdi…
***
Neçə yol “ata” dedi... Atası eşitdi, eşitmədi?... Bilmədi. Atası qəfəsəyə sığınmışdı! Göz-qulağı qarşısında çarpaya üstündə oturan kişinin üzündə idi. Yabancı kişinin gözləri atasının üstə bərəlmişdi. Atası qəfəsəyə sığınmış, huyuxmuşdu... Yenə “Ata! Ata...” - çağırdı. Eşidilmədi!.. Kişi əlini üzünə ayna eləyib: “Əlimin içi kimi tanıram!” - atasına deyib susdu! Atasının rəngi ağarmış, gahdan əlləri əsirdi!.. Kişi gözləri ilə atasına hədələnirdi! Nə olmuşdu? Bilmirdi. Heç vaxt da bilmədi!.. Kişiyə doğru bir nifrət içərisində yarandı!.. Saxlaşanmadı. “Ata!” - ucadan dedi. Döndü. Kala-key rəngi atmış dili tutar-tutmaz: “nədir oğul? Qaç get evə!” Dayanmadan: “Anam dedi iki yumurta ver.” Kişi qırcandı. Atası qıçlarını sürüyə-sürüyə yumurtaları gətirib verdi. Əlləri oğlanın əlinə dəyəndə, oğlan üşündü! Sanki can bədənindən çıxmış idi! Ruhsuz bir cisim idi. “Ata niyə əllərin belə soyuqdur?” - sorğusu beynində yarandı. Kişi qırcandı: “oğlundur?” - dodağını çəkə-çəkə soruşdu. Atası “Nökərindir!” - deyib kişinin yanına getdi. Kişi sırtıq baxışla oğlanı ətək-baş sezdi. Gözlərini atasının üzünə bərlətdi... Kişiyə doğru nifərt damarlarında yenidən axışdı! Əlindəki yumurtalara baxdı. İstədi kişinin təpəsinə çırpsın. Əlini qaldıranda “Oğul nəyə durmusan? qaç get evə!” - atasının səsi titrəyirdi. Atasının sözü qurtarmamış, kişi çımxırdı: “tula!.. Cəhənnəm ol!..”
***
... Oğlan tükandan qaçmışdı!…
***
... O gecə dəftərində yazdığı məşqi başdan-başa ata idi.