Düşüncə- Şiirler


 01 Aralık 2022


 

Düşüncə

 

Şahane Müşfik

 

Bir qəlb düşün,

İllərin yorğunu bir qəlb,

Yağışın döydüyü,

Günəşin yandırdığı,

Kədərin əlində oyuncaq,

Dərdlərin süfrəsinə məzə...

Bir qızcığaz düşün,

Gülüşünü yellər alıb aparmış bir qız,

Sevinci əsir olmuş daş qəlbli əjdahanın tamahında,

Güvəni intihar etmiş

insanların yalanında...

Bir sevgi düşün,

Yoxluğa bulanmış bir sevgi,

Doğrusunun duası oxunmuş,

Bir çatlaq dodaqda 

qıvrılan təbəssümdən asılmış,

Bir cüt gözün çökəyində 

məzarı qazılmış...

Bir də sən...

Yorğun qəlbi məzə süfrəsindən alıb

Xoşbəxtlik sarayının sultanı etmiş,

O məsum qızcığaza itmiş gülüşünü qaytaran,

Bir sevgiyə dirilik suyu,

Daş qəlbli əjdahanın qənimi, 

Sevincin xilaskarı,

Bu dünyanın nağıl qəhrəmanı...

 

 

SİQARET

 

Eşitdim siqaretə təzə qadağa gəlib,

Yasaqlanmış duman da bağlı qapı ardında. 

Nə yalan deyim vallah,

Üzüldümeee adına. 

İndi necə olacaq?

Birgə getdiyimiz o kimsəsiz kafenin 

Mən oturan küncünə baxıb-baxıb yandıqca,

Yanıb xəyal qurduqca,

Xəyalların qoynunda, qucağında azdıqca,

Tək yanmaqdan usanıb həmdəm diləməzsənmi?

Mənsizliyi əllərə, dodağa düzməzsənmi?

Həsrətimlə közərən qəlbinin şərəfinə

Bir siqaret közərtmək,

Yoxluğumu aramla, 

Eşqlə içinə çəkmək,

Dodağımı diləyib siqaretə toxunmaq,

Gülüşümü öpməkçün onla birgə alışmaq,

Yoxa çıxan dumanda baxışımı aramaq,

Nəfəsimə susayan ciyərini aldadıb

Dumana qucaq açmaq,

Bir az ayrılığıma, bir az tütünə yanmaq 

Keçməzmi ürəyindən?

Keçər əlbət, bilirəm. 

Etdiyin xəyanətin peşmanlığı

Utancınla bir olub ürəyini sıxdıqca,

Sıxıb qisas aldıqca,

Göz yaşın yanağında,

Siqaret kötükləri külqabı "məzarında"

Dəfn olunmazmı?

Olar, əlbət, bilirəm.

Eehh...daha nə deyim mən?

Hər şey bir az tərs dönüb,

Bu çarx tərsdən dolanıb,

Heç üzülmə, adamım,

Qadağalar onları pozmaq üçün yaranıb...

 

 

* * * * *

 

Daha taqətim qalmayıb

Nə üzünə, nə sözünə baxmağa.

Başım yamanca qarışıb,

Aldadıb gətirdiyin 

bu dünyadan qaçmağa...

 

Bir axşam azıb gəlmişdim,

Bir gecə çıxıb gedirəm.

Özünü gördüyün suydum,

Ovcundan axıb gedirəm.

 

Tapşırmağa bir kimsəm yox,

Özün özünə yaxşı bax.

Bilməsən niyə gedirəm

Alın yazıma yaxşı bax.

 

Yol çantamda bir kitabdı, 

Bir özüməm, bir heçlik.

Ehh...soruşma hardan gəlib, 

Hara gedir bu təklik.

 

Məndən sonra yaratdığın

Yaxşı bax, tez böyüsün.

Orda bir qırıq ümid var, 

Lazım olsa, götürsün...

 

 

 

* * * * *

 

Əllərini deyirəm ee, 

əllərini,

Nə gözəl yaraşardı saçlarıma.

Barmaqların xınalanardı tellərimdə.

Saçların küsməyi necə olur bilirsən?

Ya da darıxmağı?

İşə bir bax,

bu zəhrimar gecənin kor qaranlığında

Əllərin elə düşüb ki, saçlarımın könlünə,

Gəl, nolar, gəl,

Yubanma,

Yoxsa asacaq saçlarım özünü

Əllərinin yoxluğundan...

 

 

* * * * *

Bu sıralı dünyada 

darıxmağı da sıraladım:

Bir sənçün,

bir mənçün...

 

 

 

Bu yazı Kardeş Kalemler dergisinin 192. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 192. Sayı