Dərdəcər...


 01 Mart 2023


Uşaqdım... Baxışımda nə vardı, bilmirəm, amma böyüklərin çoxunun gözlərimin içinə baxa bilmədiyini dərk edirdim.  Hər gün 8 dəfə keçirdi darvaza dirəklərimizin önündən qonşumuz Xanbaba kişi. Bir dəfə qoyun qatırdı sürüyə, bir dəfə inək ötürürdü naxıra, ardınca quzularını haylayırdı xəndəyin başına sarı. Günorta saat 12-də quzular evə qayıdırdı-dincəlməyə, saat 4-də gedirdilər yenidən otlamağa.  Hava qaralmamış quzular evə dönürdü.  Bir saat sonra  “qoyunun qabağına çıxırdı” Xanbaba kişi.   Darvaza dirəklərimizin ağzından son keçişində  hayladığı inəklərindən biri mütləq başını bizim çəpərə tərəf uzadırdı. Amma boyu çatmırdı inəyin əkdiyimiz bostana... 

          Və bu  8 keçişin hər birində Xanbaba kişi bizim evin yanında addımlarını bir ayrı cür atırdı. Bunu kəşf edəndən sonra bir gün atılıb çıxdım qabağına. Kişi mənə olduqca diqqətlə baxdı və gülümsədi, sonra addımlarını yeyinlətdi. Növbəti dəfə saat 12-yə qalmış nənəmin əlindən tutub çəkdim yola; nənəmin yanında ürəkliydim, çünki Xanbaba kişini təbəssümündən ürpənmişdim. Bu dəfə Xanbaba kişi ayaq saxlamış, nənəmlə salamlaşmış, demişdi:

-Zəhrə  aba, bu uşağın baxışından bilirəm ki, bu gün xeyirimmi var, ziyanımmı. Bu uşağı qoru, yaman dərdəcərdi.

          Sözün mənasını bilirdim... Onda sevinmişdim az dilə gələn, az eşidilən bu sözün mənasını bildiyimə görə...  İndi isə, sadəcə, təəssüflənirəm... Təəssüflənirəm ki, bu sözü mənə öyrədiblər.  Böyüdükcə bu sözün ədəbi mətnlərində belə, nadirən işləndiyini gördüm. Unutmağa çalışdığımı desəm, səmimi olduğumu bilmənizi istəyirəm. Şüuraltımda  elə gözəl  yerləri istila edib ki, bu söz... 

          Bir gün bu sözün özündə ehtiva etdiyi nə varsa, hamısını bir yerə yığmağa çalışdım; hardasa oxumuşdum ki, olduğu kimi tanımağa çalışmasan, dərd səndən güclü olacaq.    Və yalnız həmin gün anladım “dərdəcər” sözünün türk təfəkküründəki əvəzolunmazlığını... 

          Təbiətin nazıyla oyanamaqda bəşərin aciz qaldığını anlayan türklər bunu dərd etmədilər, köç başladılar təbiətin  təbəssüm etdiyi yerlərə...    Təbiətin təbəssümünü türklərə qıymayanların sayı çoxaldıqca çoxaldı, “düşmən” sözünü türkə elə onların düşmənləri öyrətdilər. Minilliklərdir ki,   düşmənlərlə üz-üzə, yan-yana, qonşu olaraq yaşamağa məhkumdur qonşuluğu  qudsal sayan türklər.  Bunu da dərd etmədi türklər... Hər əsrdə deyil, hər qərinədə, hər onillikdə  bir yara aldı Türk dünyası,  dərd etmədi,   Göy ağladan, Yer titrədən oğullar itirdi,  qızlarının ağılarında, bayatılarında təsəlli tapdı, dərd etmədi... Çünki dərdəcər idi...  Türk öz əyninə, ruhuna, varlığına yaraşanı nə gözəl tapıb, seçib-ayırıb neçə kəlmənin içindən, gözlərini yumub, atılıb qoynuna deyilmi? Dərdəcər...  Axtardığı hər şeyin içindən dərd tapan... Dərdi bitməyən... Dərdə gülən... Dərdsiz var olmayan...

          ...Dərdəcərliyimizin bir səhifəsini də yaşadıq bu  fevralda... Şair Qəşəm Nəcəfzadə 1992-ci ilin 26 fevralından bu yana təqvimin ikinci ayına “Xocalı mövsümü fevral” deyir.  2023-cü il  ömür təqvimimizdə  fevralın adına daha geniş “çərçivə” ayırmağa məcbur etdi bizi: “Xocalı mövsümü, Türkiyə dərdi fevral”.        

          Bütün dünyada döyüşkənliyi, cəsarəti, yenilməzliyi, məğrurluğu ilə “dastana dönən” türk öz dərdəcərlik tarixinin ilkinliyinə qayıtdı bir daha; təbiətə məğlub oldu... “Əsrin təbii fəlakəti” sayılan zəlzələ aldığını aldı... “Yaddaşlarda nəylə qaldı?” sualı isə hələ yol gəlməkdədir dərdi çəkməyi bilən, dərd önündə sabaha olan ümidini itirməyən türkün təfəkküründə... 

          “Başımız sağ olsun!”-demək də gəlmədi içimdən zəlzələ haqqında eşidəndə.  Təsəlli sözləri axtarmağa  üzüm gəlmədi. Gedib güzgüyə baxdım;  Xanbaba kişinin gözlərimin dərinliyində gördüyünü görməyə çalışdım...  Günlərlə ac-susuz torpağın altında qalan bir körpənin baxışındakı ümidin mində biri qədər idi dərdəcərliyim.  Gözlərimi yumub: “Bu da keçər...”-demək səbəbim o ümid oldu... 

Bu yazı Kardeş Kalemler dergisinin 195. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 195. Sayı