Şiirler


 01 Ekim 2021


YERLƏ GÖY ARASINDA

 

Mən göy,

Sən yer adamı.

Görüşdük yerlə göy arasında.

Mənim 

göy üzündəki uçuşlarım,

Sənin 

yer üzərindəki gəzişmələrinə 

bənzəmir əsla.

Yer üzünün yağışları

göy üzünün 

göz yaşlarıdır.

Tut ucundan, çıx göyə...

 

ZAMANSIZ GƏLMƏ, ÖLÜM

                      Yaralı əsgərin dilindən

 

Zamansız gəlmə, ölüm!

Hələ sevmək arzusu,

sevilmək istəyi var.

Vaxtsız gəlsən, ömrümdən,

dərdləri yığıb apar.

 

Zamansız gəlmə, ölüm!

Bu Vətənin dağına, 

daşına doymamışam.

Şuşanın torpağına,

üzümü qoymamışam.

 

Zamansız gəlmə, ölüm!

Burnuma yeni gəlir,

qələbənin ətiri.

Bu payız ömrümüzə,

qızıl günlər gətirir,

 

Zamansız gəlmə, ölüm!

Hələ nurüzlü anam,

nəvə yolu gözləyir,

Qardaş, bacı: “Toyunda,

bir qol oynayım” deyir.

 

Zamansız gəlmə, ölüm!

Bir az gözləmədə qal.

“Şuşa” deyən ruhumu,

sən, Cıdır düzündə al.

Zamansız gəlmə, ölüm!

 

YUXUDUR

 

Bu dünyadan axıb gedən,

Sular gözümdə dayanar.

Döymə könlümün qapısın,

Yatmış ümidim oyanar.

 

Ayılar yetim arzular,

Səndən istər sevgi payı.

Məhəbbət qan dənizidir,

Arzularım ac qağayı.

 

Həyətdə qara yel əsir,

Gülü-çiçəyi qorxudur.

Bu həyatda gördüklərim,

Hər şey yuxudur, yuxudur...

 

AYRILDIQ

 

Biz ayrıldıq.

Nə dünya məhvərindən qopmadı,

nə də zaman dayanmadı.

 

Biz ayrıldıq.

Nə şimşək çaxmadı,

nə də tufan qopmadı.

 

Biz ayrıldıq.

Nə yerdə daşlar ağlamadı,

nə də ki, göydəki buludlar.

 

Biz ayrıldıq.

Bir damla göz yaşı

nöqtə qoydu sevgimizə.

 

Biz ayrıldıq.

Sadəcə 

yazıq oldu hər ikimizə...

 

FƏLƏK

 

Zərrə-zərrə qurduğumu,

Bircə anda sökdün, fələk.

Bu sinəmə çalın-çarpaz,

Nə qədər dağ çəkdin, fələk.

 

Rahatlığı etdin haram,

Hey sızladı könül yaram,

Yavaş-yavaş, aram-aram,

Ürəyimə çökdün, fələk.

 

İnsafın olaydı barı,

Nə verdinsə, hər şey yarı...

Ətəyindəki daşları,

Sən başıma tökdün, fələk.

O tökdüyün daşlar ilə,

Bu belimi bükdün, fələk...

 

SÖZ 

 

Axan isti göz yaşlarım,

Soyuq əllərimdə solur.

Mən min il də gözləyərəm,

Ancaq gözlərim yorulur.

 

Əl üzmüşəm dünənimdən,

Bəxtim baxıb keçir gendən,

Heç bir xəbər yoxdur səndən,

Xəyalın təsəllim olur.

 

Sevinc mənə olub haram,

Qəm yeyirəm aram-aram,

Ürəyimi boşaldıram,

Axıb yerinə söz dolur.

 

Dünya nə ölməlİ yerdİr

 

Bu ömür ilkim-naşıdır,

Tale mənə qəm daşıdır,

Həyat ölüm savaşıdır,

Əvvəliynən sonu birdir.

 

Qəlbimdən keçən yollar dar,

Bu yollar hey məni yorar,

Dayandığım bir nöqtə var,

O da ki, özümə sirdir.

 

Dərd içində ha alış, yan,

Xoş gün gəlib olmaz həyan,

Yaşamağa yaramayan,

Dünya nə ölməli yerdir!

                 

İSTƏDİM SƏNİ UNUDUM

 

İstədim səni unudum...

İlk baharı xatırladım.

Sevgimizin cücərdiyi zaman 

yadıma düşdü.

 

İstədim səni unudum...

Qızmar yayı xatırladım.

İlk görüşün hərarəti 

yadıma düşdü.

 

İstədim səni unudum...

Sarı payızı xatırladım.

Ayrıldığımız axşam 

yadıma düşdü.

 

İstədim səni unudum...

Soyuq qış gecəsini xatırladım.

Saçlarıma yağan qar

yadıma düşdü.

 

Söylə, haradan tapım

                 beşinci fəsli?

Söylə, necə unudum səni? 

Bu yazı Kardeş Kalemler dergisinin 178. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 178. Sayı