HaftanınÇok Okunanları
Ayşe Solmaz 1
ERKUT DİNÇ 2
ZEHRA TAŞDEMİR 3
KEMAL BOZOK 4
Emrah Yılmaz 5
ANAR 6
FEYZA TUĞÇE FIRAT 7
Göyçək Fatma
Mən göyçək Fatmayam, düşüb başmağım
Sizin küçənizin o tərəfinə.
Bir sevgi nəğməsi zümzümə etdin
Düşdü həyatının qu tərəfinə.
İlk və son nəğməni dilə gətirdin,
Amma bir dinləyən olmadı onu.
Mənimçün ölərək düşdü tarixə-
O boyda ömrünün tək bircə anı.
Mən göyçək Fatmayam, itən başmağım
Getdi şahzadənin əlinə keçdi.
Sənin arzuların qarı nənənin
O bitli-birəli telinə keçdi.
Yetim xoşbəxtlik
Yetim xoşbəxtliyə ögey anayam,
Ona balam dedim, bəlama döndü.
Hər yetən verməyə can atır sanki
Xoşbəxtlik mənimçün salama döndü.
Salamtək verdilər, aldılar məndən,
Bir allah bəndəsi qıymadı mənə.
Dedim çox sevəcəm səni balamtək,
O bədbəxt xoşbəxtlik uymadı mənə.
Bircə şans vermədi, vermədi ki o
Mən də qismətimi bir də sınayam.
Mənə möhtac qaldı anası ölmüş,
Yetim xoşbəxtliyə ögey anayam.
Çobanaldadan
Çobanaldadan yağış,
Qoy qoyunlar otlasın.
Bir az özünə yığış,
Mən piyada, atlı sən.
Çobanaldadan yağış,
Oynama hisslərimlə.
Allah xətrinə, barış
Taledən küslərimlə.
Çobanaldadan yağış,
Nə yağansan, nə kəsən.
Gözümdən yol salınca
Gözlərimi tökəsən…
Əsirlər
Əsirlər əsir deyil ki,
Düşmən əlinə keçəndi.
Tovuz kimi, Bakı kimi
Göyçə, İrəvan vətəndi.
Bu necə əsir olmaqdır,
Yolun düşür Zəngəzura.
Özündən bixəbər yağı
Gör kimi aparır hara?
Zəbt etdiyi torpağıma
İndi bir-bir türk daşıyır.
Əsir əsirlikdə ölmür
Vətəndə vətəndaş uyur.
Əsirlər əsir olmayır
Düşməndən göz-qulaq olur.
Öz yurdunun sərhəddində
Vətəninə calaq olur.
Qıydım
Gedin, deyin Xançobana,
Mən də batdım nahaqq qana.
Öz içimdəki zindana
Düşmək üçün cana qıydım.
Canlar alır Muğan çölü,
İndi yaxamdadır əli,
Saranı aparan seli,
Keçmək üçün cana qıydım.
Ac ölüməm toxluğumdan,
Parçalandım çoxluğumdan.
Varlığımı yoxluğumdan,
Seçmək üçün cana qıydım.
Günlərin bir günü
Sən mənim ömrümə gələndən bəri,
Mən sənin ömründən günündən keçdim.
Sən mənim qarşıma çıxandan bəri,
Görmədin, mən sənin önündən keçdim.
Keçdim günah kimi ömründən sənin,
Keçmə günahımdan, önə keçmə sən.
Mən sənin günahın olmaqdan qaçdım,
Qaçma günahımdan, önə qaçma sən.
Nəyimiz vardı ki, arxada qoyaq,
Ayrılıq gələndə qabağa düşdük.
Biz necə bir ömrə sahib olmuşuq,
Günlərin bir günü özümüz çaşdıq...
Ayrılıq borcu
Nə yaman uzanır ayrılıq dəmi
Ayrılıq necə də uzunömürlü
Ayrılaq, ayrılıq ağ günə çıxsın,
Bizim yanımızda üzü kömürlü.
Xəyal var, qurular qovuşmaq üçün
Xəyal var- ayrılıq xəyalı qurar.
Son görüş deyilən adından bəlli
O görüş olsa da, ürəkdən vurar.
Sən elə bilmə ki, Çin səddi çəkdin
Tək bircə hücumluq bürcün qalıbdı.
Bir daha ömrümə gəlməmək üçün
Mənə bir ayrılıq borcun qalıbdı.
Ürəyimə düşdün
Elə düşdün ürəyimə,
Söz yerinə düşən kimi.
Ürəyim od tutub yandı,
Köz yerinə düşən kimi.
İndi ki, məni duyursan,
Qəlbimə təşrif buyursan.
Niyə yerindəı sayırsan
Öz yerinə düşən kimi.
Yerin ürəyimin içi,
Ömür yolum ordan keçir.
Nə əkirsə, onu biçir,
Yoz, yerinə düşən kimi.
Sənsizlik
Sənsizliyin gözəlliyi
Sənsizlikdə imiş elə.
Həsrətimdən duyuq düşən
Hicranı demirəm hələ.
Sənsizliyin gözəlliyi
Sənsiz olanda bilinir.
Sənsizliyin özəlliyi
Mənsiz qalanda bilinir.
Səninlə hər şey gözəldi
Sənsizlik də ona bənzər.
Bu hər şeyin başlanğıcı
İlk baxışdan sona bənzər.
Var
Sənsiz gecələrə vərdiş etmişəm,
Həsrətə, hicrana məndə dözüm var.
Nazıyla oynadım ayrılıqların,
Vüsala tamarzı iki gözüm var.
Mənli-mənsiz, onlu-onsuz arzular
Qanıma susadı qansız arzular
Qar üstə yazdığım sonsuz arzular
Od üstə can verən neçə buzum var.
Sən nədən biləsən, nədənlər nədən?
Özün cavab çıxar “a”dan ya “be”dən
Gözümdə kölgəli o nurlu didən,
Məni sınaq etmə, məndə əzm var.