Yadıma Gəlmir


 01 Ekim 2021


Təzə yazılarımı cırıb tökmüşdüm otağın bucağındakı boş dola. Keçən gecə çığır-bağır salmışımışam kı "sən özünlə nə fikir eləyirsən bunları yazanda?" Tahir sonralar demişdi. 

- Evə yetişcək arağı dayadın ağzıva. Sonra da mütaliə otağını poxa çəkdin.

Sabahısı duranda "Ədə Tahir! Təzə öykümü sən cırıbsan?" deyə soruşdum. 

Yuxuda o böyür-bu böyür olub mızıldadı: "Səfehləmə öz şəbehindi. Evə girməmiş o meratı çəkərsən başıva, helə olar!". Fikirləşə bilmirdim. Ürəyim ağzıma sarı gəlirdi. Mən tualetə yetişməmiş, ürəyim ağzıma yetişdi. İki əlimi tutdum ağızımın qabağına. Bir neçə seri qaytarıb Tahirin yanına qayıtdım. 

- Axı mən bunları niyə cırdım ki?

Durmuşdu qapının ağzında. Qaşları qollarına tay bir-birinə düyünlənmişdi. 

- Səhər çağı da qusmağnan goyma yatax!

Qayıtdı otağına. Dalısıcan getdim: "Tahir daha nə dedim? Niyə cırdım axı?"

- Nə bilim niyə cırdın? Həmişə ağlın başındadı ki ayrı vaxt başında ola? Yeri get cırılmış tikələrinə bax bəlkə bir şeylər oxundu.

Otağa gedib dolu qoydum qabağıma. Əlimi içinə salıb kağızları sıxın-sıxın tökdüm çölə. Arada tüpürcək dəyirdi əlimə. İslananların cövhəri yayılmışdı. Quru tikələr də oxunmaq üçün çox balaca idilər. Heç barmaq bəndi boyda da olmazdı. 

Tahir geyinmişdi. "Mən gedirəm çölə" dedi. " Sən ki qoymadın kilas olmayan gün yatam. Özün də otur təzədən yazmağa çalış. Sənin ki əlindən gəlir".

Başım xırda kağızlarla qal oldu. Qapının örtülmə səsini bilə eşitmədim. Heç bir kələmə də oxunmurdu. Təkcə göy qələmlə yazdığım bilinirdi. 

Tahir kilasın qurtarıb evə gələnə qədər boş yerə kağız parçaları ilə əlləşdim. İçəri girib məni eyni yerdə gördüyündə, axmaqlara baxan bir qiyafə ilə üzümə zilləndi: "Gədə nəyə oturub qalıbsan orda? Heç elə bil ömrünün hamısını yazmağa çalışmayıb. Ayrı səfhə götür təzədən yaz day!"

- Nə yazdığım yadıma gəlmir, Tahir.

- Adam da öz yazdığı yadından çıxar? Cümlələri də eyni olmağa gərəkli dəyil. Genə heç olmasa hankı macəranı yazdığıvı ki bilirsən.

Dinmədim. O da paltarlarını dəyişməyə getdi. Kağız paralarını yığışdırıb əvvəldə atdığım dolun içinə qaytardım. Göy qələmi əlimə alıb təzə səfhə açdım qabağıma. Yazdım: Gecələrin birində Tahir kefli-kefli evə gəldikdən sonra təzə yazdığım öykümü cırdı. Mən olaydan xəbərim olmadan həftə sonu anamla atamı görməyə getdim evimizə. Neçə gün qalıb Urmuya qayıtdıqdan sonra, bir gün səhər çağı ünivərsitəyə getməmiş gözüm düşdü cırılmış öykümə. Burda saxlayıb dəftəri qatladım qoydum qırağa. Fikrimdə var idi ondan sonra da mənimlə Tahirin arasında üz verən davanı yazam.

O gecə çətin keçdi. Saatlarca gözümə yuxu getmədi. Yerimdən qalxıb aşpazxanaya getdim. Bir livan soyuq suyu başıma çəkdim. Yerimə qayıdanda mütaliə otağından görünən ışığa gözüm düşdü. Otağın öz çırağı sönülü idi və elə nəzərə gəlirdi ki  balaca bir əl çırağı yanır. Addımlarımı yavaşıdıb qapısına yaxınlaşdım. Səs gəlmirdi. Mütaliə çırağını söndürməyini unutmuşam diyə qapını açdım. Tahir əlindəki kağızı sürətlə dalına aparıb "Zəhrim yarıldı!" dedi. Özünü itirmişdi: "Gecə yarısı nəyə qapını birdən açıb içəri keçirsən?" Acığıma gəldi. "Öz mütaliə otağımdı" dedim. "Göylüm istəsə gecə yarısı lap qapısını sındırıb içəri keçərəm. Əlində nə var?"

- Evdə birlikdə qalırıq. Bu otaqda mənim də haqqım var.

- İstirsən gecə yarısı gizlicə gəlim təpilim sənin otağıva deyim mənim də haqqım var? Tez ol əlindəki kağızı mənə ver.

  Kağızı üzünün qabağına tutub dedi: "Bunu istirsən?"

- Hə. Ver mənə.

"Gəl apar" deyən anda cibindən çaxmaq çıxardıb kağızın altına tutdu. Şığıdım üstünə. Kağızın təkcə qulağı əlimə gəldi. Qalanı gözümün qabağında od aldı. Tahir gülməyə başladı. Bir əlimlə yaxasından yapışıb o biri əlimlə ənginə ağır bir yumuruq zopadım. Canı yox idi. Gicəlib yerə düşdü. 

Başımı tovladım. Qapının qabağında idim. Ehtiyatla açıb içəri keçdim. Mütaliə çırağı yanılı qalmışdı. Otağın hər yerinə baxdım. Hər şey öz yerində idi. Çırağı söndürüb yerimə qayıtdım. 

Səhər qalxdığımda Tahir məndən ərkən durub getmişdi. Təzə öykümü kəşovdan (çəkməcədən) çıxartdım. Özüm və Tahirin arasında üz verə bilən davada qalmışdım. Yazdım. Bir də artırdım ki gecələrin biri otağıma girib yazılarımı təzədən odlamaq istəyirdi. Qabağını almasaydım. Dəftəri qatlayıb sahata baxdım. Mən də hazırlanıb ünivərsitəyə getməli idim. Kilas başında kağız üstündə bir şeylər çəkməyə başladım. Yoldaşım dirsəyini vurdu böyrümə. O pis mırıtdı ustad idi. Danışanda gözümüz çəkilməməli idi sifətindən. Böyrüm bir də deşildi: "Sənə baxır". Kilasda hər kim eşidə bilən bir səslə dedim: "Baxsın!" Gözlədiyim kimi ustad hirslə üzümə baxıb əmr elədi: "Dur ayağa". "Rahatam" dedim. Uşaqlar gülüşdü. 

- Mən narahatam. Dur çıx eşiyə. Bir də mənim kilasımda əyləşmə. 

Yerimdən qalxıb qapıya doğru getdim. Çantam qalmışdı. Qapıya yetişməmiş qayıdıb götürdüm. Əlimdən boşlandı. İçindəki kar kağızlar kilasın ortasına səpələndi. Para qalan öyküm idi. Tozlu kağızları yığıb çıxdım salona. Yazmağa çalışdım. İşi qurtarmalı idim. Tahiri öldürdüm. Cənazəsini də həyətin ləkində basdırdım. İlk öykümün cümlələri yadıma düşməyə başladı. Kilasın qapısı açıldı. Yoldaşımın başı görsəndi: "Tahir, ustad deyir kilasa qayıda bilərsən". 

Bu yazı Kardeş Kalemler dergisinin 178. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 178. Sayı